Xudavəndə xitab | Fəxrəddin Ziya

Tanrım, niyə kin yaratdın
iki qardaş arasında?
Ölümü də saxlayırsan
göz ilə qaş arasında.

Sən beləmi mehribandın?
Adəmin tövbəsin dandın.
Övladların düşmən sandın,
saldın savaş arasında.

Tanıtmamış qışı, yazı,
ömrə yazdın vaxtımızı.
Sınayirsan bəxtimizi
zamanla yaş arasında.

Andıq səni ağır anda,
əziləndə, yıxılanda.
Kirpiklərim sıxılanda
sellənir yaş arasında.

Bütün zaman, məkan sənin,
tamam yaxşı, yaman sənin.
Şübhə sənin, güman sənin,
ha indi çaş arasında.

Gözün iti, duyğun dərin,
nütvəmizdən var xəbərin.
Qoyma, iki peyğəmbərin
qalaq çaş-baş, arasında.

Ey Laməkan, ey Porcalal,
yetər göndərdiyin zaval!
Boy atarmı körpə nihal,
iki sal daş arasında?

Xofun daim canımızda,
məhəbbətin qanımızda.
Mələklərin yanımızda,
sirrimiz faş arasında.

Dünya tamam pir olsun, qoy
cənnət bizə yer olsun, qoy
təriqətlər bir olsun, qoy

quraq bardaş, arasında.
Eşit məni, Pərvərdigar,
ürəyimdə min arzum var.
Nurun versin bizə qərar,
sevinək, kaş arasında.

Ramazan bayramı günü,
saat 00-45 , Yanvar, 1998.
Müəllif: FƏXRƏDDİN ZİYA (Əliyev Fəxrəddin Mansur oğlu).
Mənbə: Bu da bir istəkdi. kitabı. Nurlar nəşriyyatı,2008
 
 

0 şərh